Azərbaycan təhsil sistemində idarəetmə texnologiyalarının tətbiqi zəruridir

20.05.2019 401 Xəbərlər



Sоn dövrlər rеspublikаmızda gеdən köklü dəyişikliklər həyatımızın bütün sahələrinə çox ciddi təsir göstərməkdədir. Azərbaycanda neft və qeyri-neft sektorunun inkişafı istiqamətində mühim addımlar atılır, ölkə başçısı tərəfindən iqtisadi və sosial mühitin şəffaflaşdırılması və təkmilləşdirilməsi istiqamətində önəmli islahatlar həyata keçirilir. Bu islahatlar ölkədə kənd təsərrüfatının, sənayenin və iqtisadiyyatın bütün sahələrini, eyni zamanda təhsil, vergi, gömrük və sosial sahələri əhatə edir. Lakin bu islahatların genişmiqyaslı həyata keçirilməsi və hökümətin idarəçilik subyektlərinə maddi və texniki dəstək verməsi heç də bu sahələrin istənilən səviyyədə inkişafından və ümumilikdə sosial-iqtisadi həyatımıza fayda verməsindən xəbər vermir. Çünki bu islahatların və yol xəritələrinin operativ qaydada həyata keçirilməsini təmin etmək məqsədi ilə bir çox təşkilatlar xarici ölkələrdə təhsil almış mütəxəssisləri prosesə cəlb edir. Bəzi hallarda bu mütəxəssislər hədəflənən nəticəni verməməklə yanaşı, hətta ona həvalə edilmiş sahəyə ciddi zərər də vurur. Lakin qınamaq da düzgün deyil. Çünk heç birimiz öz təhsil sistemimizə arxayın olmadığımız üçün xaricdə təhsil almış mütəxəssisləri işə cəlb edir, hətta öz övladlarımız belə xarici ölkələrə təhsil almağa göndəririk. Baxmayaraq ki, son illərdə Azərbaycanda təhsil sistemində yetərincə dərin islahatlar aparılmış, fənn proqramları, dərsliklər və dərs vəsaitləri yenilənmiş, interaktiv metodlarla fənlərin tədrisinə başlanılmış, kredit və kurrikulum sisteminin tətbiqi təmin edilmişdir. Dünyanın aparıcı ölkələrindəki bu metodların tətbiqi heç də ümumilikdə təhsil sisteminin idarə edilməsini və koordinasiyası üzrə istiqamətləri tam özündə əks etdirmir. Çünki hər bir müəssisə və təşkilat canlı orqanizmdir. Təşkilati-hüquqi formasından və ya mülkiyyət növündən asılı olmayaraq bütün subyektlərin düzgün idarəolunması və koordinasiyası hər zaman aktualdır. Müasir iqtisadi və sosial reallıqlar fəaliyyət sahəsindən asılı olmayaraq optimal idarəetmənin təmin edilməsi naminə təşkilatlarda qabaqcıl idarəetmə texnologiyalarının, vasitələrin tətbiq edilməsini ön plana çıxarır.
İdarəetmə dedikdə fəaliyyətimizə təsir edə biləcək təhlükəli faktorların və risklərin müəyyən edilərək nəzarət altına alınmasını, işçi personalın funksiyalarının və məsuliyyətinin bölüşdürülməsini, resursların və proseslərin səmərəli koordinasiya edilməsini, çoxpilləli qərarların qəbul edilməsini nəzərdə tuturuq.
Yaponiya, Finlandiya, Cənubi Koreya, Amerika Birləşmiş Ştatları kimi təhsil sistemi inkişaf etmiş ölkələr öz təhsil sistemlərinə dünyada bu sahədə əldə edilmiş yeni nailiyyətləri və qabaqcıl texnologiyaları tətbiq etməklə yanaşı, hər zaman bu texnologiyaların sistemləşdirilərək idarə edilən formata gətirilməsi və daha asan koordinasiya edilməsi haqqında düşünürlər. Çünki hamıya məlumdur, məktəbəqədər təhsildən universitetə qədər, eyni zamanda təhsilin daha yüksək pillələrindən kouçinqə (tyutorluğa) qədər elm dünyası daim dəyişir və inkişaf edir, şagird və tələbələrin təfəkkürləri daim müasirləşir. Bunun üçün də bu subyektlərin idarəoluması üçün müvafiq vasitələrdən istifadə edilməlidir.
Dünyanın qabaqcıl təhsil standartları olan ölkələrin təcrübələrinə əsaslanaraq Beynəlxalq Standartlaşma Təşkilatı digər sahələrdə idarəetmə texnologiyalarının ərsəyə gətirilməsini təmin etdiyi kimi, təhsil müəssisələrinin də operativ idarəedilməsini təmin etmək məqsədilə İSO 21001:2018 Təhsil qurumlarının idarəolunması üzrə beynəlxalq standartın 2018-ci ildə nəşrini həyata keçirmişdir. Bu standartın məqsədi Təhsil sektorunda idarəetmənin formalaşdırılmasını, istehlakçıların (tələbə və şagirdlərin) və digər maraqlı tərəflərin gözləntilərinin və tələblərinin lazımı səviyyədə ödənilməsini və bu sahədə etibarlılıq yaratmağı özündə ehtiva edir. Təhsil müəssisələrində İSO 21001:2018 Təhsil qurumlarının idarəolunması standartının tətbiqi zamanı aşağıdakı nailiyyətlər əldə olunur:

• Təhsil müəssisəsinin hədəfləri və prinsipləri təyin olunur;
• Müəssisənin sənəd dövriyyəsi tam nəzarət altına götürülür;
• Müəssisədaxili proseslər (fəaliyyətlər) və onların idarəetmə mexanizmləri müəyyən edilir (və ya təkmilləşdirilir);
• Bu proseslərin idarəolunması istiqamətində müvafiq prosedurlar, təlimatlar, qaydalar, reqlamentlər və digər işçi sənədlər hazırlanaraq tətbiq edilir;
• Tətbiq edilmiş tədris sistemləri (məs: kredit, kurrikulum) arasında koordinasiya təmin edilir;
• Faydalılığın müəyyən edilməsi məqsədilə proseslərin qiymətləndirmə meyarları meydana gəlir;
• Uyğunsuzluqların baş vermə halları əhəmiyyətli dərəcədə azalır, uyğunsuzluqlar nəzarətə götürülür;
• Təhsil müəssisəsinin yadımçı prosesləri (satınalma, insan resursları, avadanlıqların idarəolunması və s.) nəzarət altına alınır;
• Statistik məlumatlar bazası formalaşdırılır;
• Müvafiq proseslər və vəzifələr üzrə məsuliyyət və öhdəliklər müəyyənləşdirilir;
• Faktlar əsasında qərarlar qəbul edilir;
• Müəssisənin fəaliyyətinə təsir edə biləcək təhlükəli faktorların və risklərin qabaqcadan müəyyən edilməsi, qiymətləndirilməsi və nəzarət altına alınması asanlaşır;
• İstehlakçıların (tələbə və şagirdlərin) tələb və ehtiyaclarını vaxtında öyrənmək imkanı yaradır;
• İstehlakçı (tələbə və şagirdlərin) ilə münasibətlər tənzimlənir;
• İstehlakçıda inam yaranır, təhsil müəssisəsi etibarlı tərəfdaş kimi tanınır və s.

Unutmamalıyıq ki, ətrafımızda gördüyümüz bütün sahələrin inkişafı təhsildən başlayır. İqtisadiyyatımızı dünyanının aparıcı ölkələrinin iqtisadiyyatı kimi inkişaf etdirmək istəyiriksə, təhsilimizin standartlarını da həmin ölkələrə uyğunlaşdırmalıyıq. Əminik ki, təhsil müəssisələrində İSO 21001:2018 Təhsil qurumlarının idarəolunması üzrə beynəlxalq standartının tətbiqi təhsilimizin qabaqcıl təhsil sisteminə malik olan ölkələrə çatmasına və təhsilimizdə daha mütəşəkkil idarəetmə mexanizminin qurulmasına yardımçı olacaqdır.

Asif İbrahimov         Bureau De Qualite Azərbaycanın direktoru,Beynəlxalq İdarəetmə sistemləri üzrə aparıcı auditor,ekspert-məsləhətçi